Yeni CAĞ Aİ Agentliyi

Təfəkkür Universitetində maxinasiya baş verib?

Bölüm:  KRİMİNAL   Tarix: 30.03.10
Təhsil ocağının Dərnəgüldəki idman kompleksinin Müşfiq Atakişiyevlə Rəhim Hüseynov tərəfindən satıldığı iddia olunur

Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev və onun himayəçisi sabiq nazir Rəhim Hüseynovun bir sıra əməlləri barədə redaksiyamızın elektron poçtuna məktub daxil olub. Məktubda iddia olunur ki, bu iki şəxs birləşərək, universiteti bazara çevirməklə yanaşı, təhsil ocağının həyətindəki hündürmərtəbəli binanı ələ keçiriblər. Universitetdə saxta diplom alverinin də getdiyini məlumat verən məktub müəllifi bildirir ki, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları universitetin mətbuat xidmətinin rəhbəri Şirməmməd Xanməmədovu başqa bir şəxsə saxta diplom satarkən həbs ediblər.
Məktub müəllifi iddia edir ki, “Təfəkkür Universitetində baş verən bəlkə də ən bəsit hadisələrdir. Çünki sözügedən təhsil ocağında daha dəhşətli olaylar cərəyan edir. Hal hazırda Şirməmməd Xanməmmədovun bir vaxtlar həyata keçirdiyi saxta diplom əməliyyatı davam edir”. Bu barədə verilən məlumatda bildirilir ki, Təfəkkür Universitetinin rektoru M.Atakişiyev əvvəlkitək yenə də tələbələrə təhsil ocağının diplomlarını verməklə məşğuldur. Həmin diplomların 4000 manata satıldığı barədə də məlumatlar mövcuddur. Hüquq-mühafizə orqanları ilə bu məsələ ilə bağlı aralarında problemin yaranmasının qarşısını alansa, rektorun himayəçisi Rəhim Hüseynovdur. Mənbə bildirir ki, bir-neçə dəfə bununla bağlı M.Atakişiyev xəbərdar olunsa da, hər dəfə keçmiş səhiyyə nazirinin işə qarışması nəticəsində problem həllini tapıb.

İddia olunur ki, Təfəkkür Universitetinin rəhbərliyi təkcə bununla kifayətlənmirlər. Belə ki, rektor və keçmiş səhiyyə naziri birgə hərəkət edərək, bu təhsil mərkəzinin nəzarətindəki bütün imkanlarını öz məqsədləri üçün istifadə etməkdədirlər.

Məktubda yazılan və hələlik nə təsdiq, nə də təkzib olunan məlumata görə, bir müddət əvvəl Müşfiq Atakişiyev və Rəhim Hüseynov universitetin «Azərdəmiryolbank»dakı hesabından külli miqdarda vəsaiti çıxararaq, təyinatından kənar xərcləyiblər. Bildirilir ki, həmin vəsait tikinti, təmir və bərpa işləri, habelə texniki avadanlıq alınması adı altında bankdan çıxarılıb. Ancaq həmin puldan bir qara qəpik də bu istiqamətdə xərclənməyib. Aydın məsələdir ki, tələbələrin təhsil haqları hesabına toplanmış bu qədər vəsaiti nə Müfşiq Atakişiyev, nə də onun «krişa»sı Rəhim Hüseynov təmirə, bərpaya xərcləməz. Şübhəsiz ki, həmin pulları hər iki şəxs ciblərinə qoyaraq, rəsmi bəyənnamələrdə xərclənmiş kimi göstəriblər.

Qeyd edək ki, bununla bağlı «Azərdəmiryolbank»la əlaqə saxladıq. Oradan bildirdilər ki, həqiqətən də Təfəkkür Universitetinin bank hesabı onlardadır. Amma bank rəsmiləri bununla bağlı hər hansı bir açıqlama verə bilməyəcəklərini vurğuladılar. Və bunu belə əsaslandırdılar ki, hesab sahibinin icazəsi olmadan məsələ ilə bağlı açıqlama vermək hüquqları yoxdur. Ona görə ki, bu kommersiya sirrinin açıqlanması olardı. Amma bankdakı mənbələrdən aldığımız məlumat vasitəsi ilə dəqiqləşdirdik ki, həqiqətən də Təfəkkür Universitetinin rəhbərliyi bir müddət əvvəl bankdakı hesabından külli miqdarda pul çəkib. Hərçənd mənbə bu pulun hansı məqsədlər üçün götürüldüyü barədə məlumatsız olduğunu bildirdi.

Məktub müəllifi iddia edir ki, bu məsələni araşdıran zaman qarşısına çıxan başqa bir fakt diqqətini çəkdi: “Belə ki, bankdan aldıqları pulları yarı bölüb öz məqsədləri üçün istifadə edən rektorla «krişa» bununla kifayətlənməyib. Universitetin Dərnəgül qəsəbəsi ərazisində yerlən İdman Kompleksini satışa çıxarıblar. Atakişiyevlə Hüseynov heç də kiçik ərazisi olmayan, habelə universitetin balansıdakı bu İdman Kompleksini tikinti şirkətlərindən birinə satıblar. Halbuki təhsil mərkəzinin balansındakı ərazini rektor və ya bir başqa şəxsin satması qanunla qadağandır. Çünki o universitetin əmlakı olaraq qeydə alınıb. Yalnız məhkəmə qərarı olduğu təqdirdə müsadirə olunmaq məqsədi ilə bu tip ərazilər hərraca çıxarıla bilər.

Ancaq görünən budur ki, Müşfiq Atakişiyev və Rəhim Hüseynov üçün qanun bir o qədər önəmli deyil. Əgər önəmli olsaydı, o zaman universitetin mətbuat xidmətinin rəhbəri rektorla birlikdə saxta diplom satmaq barədə fikirləşməzdi. Və ya rektor universitetin bankdakı hesabından külli miqdarda pul çıxararaq, onu şəxsi məqsədləri üçün istifadə etməzdi. Bu da azmış kimi, əgər bu adamlar qanunun aliliyin qəbul etsəydilər, o zaman təhsil ocağının balansında olan İdman Kompleksinin ərazisini hansısa tikinti şirkətinə satmazdılar. Onlar üçün tək bir qanun var, o da şəxsi mənafeləridir”.

Məsələ ilə bağlı adı çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

“Yeni Çağ” AİA
www.yenicag.az


Xəbərin ünvanı:
http://www.yenicag.az/article.php?storyid=3546
Materiallardan istifadə edərkən www.F1-Az.com saytına istinad zəruridir!
© Copyright 2006, Rahim N.Aliyev, All Rights Reserved.
Sual və təklifləriniz: admin@f1-az.com