|
Ay yaziq vətən!
Bölüm: Nahid MƏMMƏDLİ Tarix: 25.09.07
Bu məmləkətdə öz dilimizdən başqa bütün dillərdə danışılır
Ax yazıq, vətən! Nə günə qalmısan?! O qədər "Avropalaşmaq, müasirləşmək lazımdır" demişik ki, indi özümüzdən heç nə qalmayıb. Şəhərimizdə tikilən göydələnlərin sayəsində Bakıda Bakılıq qalmayıb. Çoxmərtəbəli binalar, saysız hesabsız şadlıq sarayları bağ evləri bir sözlə lazımsız nə varsa hər şey tikilir. Məktəb, kitabxana, tarixi muzeylərdən başqa...Muzeylərdən söz düşmüşkən hələ indiyədək bizim Qarabağ faciəsini özündə əks etdirən bu tarixi faciə barədə insanları, şəhərimizə gələn qonaqları məlumatlandıran bir muzeyin adını çəkə bilərsinizmi? Mən çəkə bilmirəm.
Tutaq ki, bu barədə az-çox bilirik. Bəs digər ölkələrdən gələn vətəndaşlar necə? Onlar qonaq olduqları ölkənin hansı faciələrdən keçdiyini bilirlərmi? Əlbəttə yox, çünki biz fil qulağında yatmışıq, ancaq ermənilər bizim yaşadığımız faciəni, abidələrimizi, mədəniyyətimizi öz adlarına keçirib bütün dünyaya sübut etdiriblər. Bəs biz niyə bunu edə bilmirik? Mən cavabını verim, çünki, bizim iş adamlarımız öz ticarətlərini qurmaqla, yəni şadlıq sarayı, göydələnlərini qurmaqla, maşın alveri etməklə məşğuldurlar. Baş bilənlərimiz isə oturub nəyisə gözləyir və bizi də səbrə dəvət edirlər.
Biz də səbr edirik. Artıq 15 ildir. Bəli, çox gülünc olsa da 15 il... Ancaq təkcə yuxarıdakıları günahlandırmaq olmaz, çünki bizdən də çox şey asılıdır. Əgər biz istəsəydik, bir olsaydıq, heç nədən heç kimdən qorxmasaydıq bizə heç nə edə bilməzdilər. Bəlkə biz özümüzdə sakit həyata alışmışıq. Təkcə canım sağ olsun deyirik. Axı niyə özümüzü işə salaq, evimizi sakit həyatımızı itirək, gedək orada çöllərə düşək? Bəli belə fikirləşənlər az deyil. Bunun əksini fikirləşənələr də çoxdur. Bunu bilirəm və buna inanıram. Bilirəm ki, hər gün Allaha dua edib torpaqlarının qayıtmasını arzu edib, o torpağa bir də ayaq basıb orda ölmək istəyənlər də çoxdur. Mən o torpaqlardan birində 6 ilimi keçirsəm də, mən də torpağımı görmək arzusu ilə yaşayıram. Bunu arzu edək və keçək yazıq vətənimizin yazıqlığını sübut edən digər məsələyə. Necə ki, həmişə üstən keçirik.
Keçək bizim başqa itirdiyimizə ki, bu da hörmət hissidir. Dilə hörmət, dinə, bayrağa, böyüyə hörmət. Müstəqillik qazanandan bəri bu yazıq vətənimizin dövlət dili Azərbaycan dilidir. Lakin deyəsən bunu hamı bilmir. Çünki bizim Azərbaycan Respublikasının vətəndaşları adlandırdığımız insanların bir çoxu, xüsusən də Bakıda yaşayanlar Azərbaycan dilindən başqa bütün dillərdə danışır. Rus dilini özlərinə əziz dil seçiblər. Hətta bu dildə bilməyənləri "çuşka" adlandırırlar. Mən demirəm ki, rus dilini və yaxud ingilis dilini bilməyin, əsla! Əksinə nə qədər xarici dil bilsən, o qədər biliyin də, savadın da zəngin olar. Sadəcə bu dillərdən lazım olanda istifadə edək və doğma dilimizi bilək və ona hörmət edək. Hörmət edilməyənlərdən biri də dindir. İnsanlar unudurlar ki, onlar müsəlman dövlətində yaşayırlar. Onlar dinə aid bir çox şeyləri bilmirlər. Məsələn soruşsaq 10 nəfərdən 3-ü kəlimeyi- şəhadəti bilər ya bilməz. Mənim fikrimcə insanlarımızın çoxu dinlə maraqlansa hər şeyə münasibətləri dəyişər, bir-birlərinə hörmət etməyi öyrənər özlərində məsuliyyət hiss edərlər. Gəlin unutmayaq ki, bizim dinimiz islam dinidir. İndi bayrağımızdan danışaq, bir çoxunuz deyəcəksiniz ki, bayrağın nəyindən danışaq. Bildiyimiz üç rəngli bayraqdır da...
Lakin biz bayrağa yetərincə diqqət yetiririkmi? Qardaş türkiyəlilərə nəzər salsaq buna cavab taparıq. Onlar bütün mərasimlərində toylarında, yaslarında, tədbirlərində bayraqları başlarının üzərində durur. Onlar hara getsələr birinci bayraqları öndə gedir. Bizdə də belədirmi? Hansımızın evində bayraq var? Əllə sayılası qədər az. Ancaq Türkiyənin ən ucqar kəndindəki evdə belə Türk bayrağını görmək olar. Bunun üçün mən də onlara hörmət edirəm. Ümid edək ki, bu yazıq vətənin bütün yazıq vətəndaşları niyə yazıq olduğunu nə vaxtsa anlayar və yazıq vətəni bəxtəvər vətən etməyə özündə güc tapar. Lakin mən bu vətəni Qarabağsız və bizdən alınmış digər torpaqlarsız, adət-ənənəsiz, dilimizə, dinimizə, bayrağımıza və ən nəhayət özümüzə hörmətsiz bəxtəvər görmürəm.
Xəbərin ünvanı:
http://www.yenicag.az/article.php?storyid=161
Materiallardan istifadə edərkən www.F1-Az.com saytına istinad zəruridir!
© Copyright 2006, Rahim N.Aliyev, All Rights Reserved.
Sual və təklifləriniz: admin@f1-az.com
|
|